Gerontoloq Yuri Konev bildirib ki, dərmanlar gəncliyi uzatmır və qocalmanın qarşısını almaqda effektiv deyil.
Bu barədə o, “Ridus”a açıqlamasında deyib.
Onun sözlərinə görə, 18 yaşdan etibarən qocalmanın profilaktikası ilə məşğul olmağın heç bir mənası yoxdur. Konev qeyd edib ki, qocalma əlamətləri adətən daha gec — təxminən 35 yaşdan sonra özünü göstərir və məhz həmin mərhələdə vəziyyəti qiymətləndirmək mümkündür.
“Heç bir dərman gəncliyi uzatmayıb. 18 yaşdan qocalma əlamətləri axtarmağın mənası yoxdur,” — deyə Yuri Konev bildirib.
O əlavə edib ki, erkən qocalmanı ləngitməyin yeganə elmi sübut olunmuş yolu sağlam həyat tərzidir. Buna düzgün qidalanma, fiziki aktivlik və ümumi sağlam vərdişlər daxildir.
Konevin sözlərinə görə, insan genomu artıq XXI əsrin əvvəlində öyrənilsə də, qocalmaya cavabdeh konkret gen müəyyən edilməyib və bu sahədə farmakoloji yanaşmalar nəticə verməyib.

