Həzm problemləri təkcə qidalanma ilə deyil, yemək vaxtı ilə də bağlı ola bilər. ABŞ alimləri müəyyən ediblər ki, xroniki stress və gecə saatlarında qida qəbulu birlikdə mədə-bağırsaq problemlərinin riskini əhəmiyyətli dərəcədə artırır. Bu barədə Mirror nəşri yazır.
Tədqiqatlardan birində alimlər ABŞ-da keçirilən milli sağlamlıq və qidalanma sorğusunda iştirak edən 11 mindən çox insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yüksək stress göstəricisinə malik və gündəlik kalorinin azı 25%-ni saat 21:00-dan sonra qəbul edən şəxslərdə qəbizlik və ishal riski 1,7 dəfə daha yüksəkdir.
Digər araşdırma — ABŞ-da həyata keçirilən “Gut Project” çərçivəsində — 4 mindən çox insanı əhatə edib. Nəticələr göstərib ki, yüksək stress altında olan və mütəmadi olaraq gec saatlarda qidalanan şəxslər bağırsaq problemlərindən 2,5 dəfə daha çox şikayət edirlər.
“Orqanizm artıq stress səbəbindən zəifləyibsə, gecə qəlyanaltıları bağırsaq sağlamlığı üçün ikiqat zərbə olur,” — deyə tədqiqatın aparıcı müəllifi, Nyu-York Tibb Kollecindən doktor Harika Dadigiri bildirib.
Mütəxəssis vurğulayıb ki, sağlamlıq üçün yalnız nə yediyimiz deyil, nə vaxt yediyimiz də böyük əhəmiyyət daşıyır. Tədqiqatçılar daha nizamlı qidalanma rejiminin və sabit yemək saatlarının həzmi yaxşılaşdıra biləcəyini qeyd edirlər.

Bununla belə, doktor Dadigiri sevilən qəlyanaltılardan tam imtina etməyi tövsiyə etmir, sadəcə onların günün daha erkən saatlarında qəbul edilməsinin daha faydalı olduğunu bildirir.
Xatırladaq ki, gündə səkkiz stəkan su içmək uzun müddətdir geniş yayılmış tövsiyədir. Lakin mütəxəssislər vurğulayır ki, universal norma yoxdur — suya olan ehtiyac həyat tərzindən, sağlamlıq vəziyyətindən və hətta iqlimdən asılıdır.

