Çində milyonlarla izləyicisi olan border-kolli cinsli Çutou adlı it oğurlanıb və daha sonra öldürüldüyü məlum olub. Bu barədə Sohu yazır.
Çutou 8 il ərzində sahibi, trevel-bloqer Qo ilə birlikdə səyahət edib. Birgə səfərlər sayəsində itin sosial şəbəkə hesabı milyonlarla izləyici toplayıb və Çutou Çin sosial mediasında geniş tanınıb.
Lakin 11 mayda it yoxa çıxıb. Həmin vaxt sahibinin atası sahədə işləyirmiş. Ailə polisə müraciət edib və ev heyvanı barədə məlumat verənlər üçün mükafat elan edib.
Təhlükəsizlik kameralarının görüntüləri araşdırıldıqdan sonra itin bir kişi və qadın tərəfindən skuterə mindirilərək aparıldığı məlum olub.
İki həftə sonra Çutounu aparan şəxs tapılıb. O, itin sahibsiz olduğunu düşündüyünü və onu alverçiyə cəmi 25 dollara satdığını deyib. Daha sonra itin öldürüldüyü üzə çıxıb.
Çutounun sahibi ev heyvanının taleyini öyrəndikdən sonra emosiyalarını saxlaya bilməyib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Sahib itin yalnız bazar dəyərini deyil, həm də populyar internet personajı kimi kommersiya dəyərini sübut etmək üçün sənədlər toplayır. Əgər zərər əhəmiyyətli hesab edilərsə, günahkarlara qarşı cinayət ittihamları irəli sürülə bilər.

