Yeni bir araşdırmaya görə, “gecə quşu” kimi xarakterizə olunan, yəni gec saatlara qədər oyaq qalan insanların sağlamlığı mənfi təsirə məruz qalır. İnsan orqanizminin əsas bioloji saatı olan sirkadiyen ritm təkcə yuxu rejimini deyil, eyni zamanda ürək döyüntüsünü, qan təzyiqini, stress hormonlarını və maddələr mübadiləsini də tənzimləyir.
ScienceAlert saytında dərc olunan məlumata görə, tədqiqatçılar hər bir insanın bioloji ritminin fərqli olduğunu, lakin gec saatlarda fiziki və zehni baxımdan daha aktiv olan şəxslərin erkən oyananlarla müqayisədə daha yüksək risk altında olduğunu bildiriblər.
UK Biobank məlumat bazası əsasında aparılan və 300 mindən çox yetkin şəxsin 14 il ərzində izlənildiyi araşdırma göstərib ki, “gecə quşları” cəmiyyətin orta göstəricisi ilə müqayisədə ilk dəfə ürək tutması və ya insult keçirmə riski baxımından 16 faiz daha çox təhlükə altındadır.

