Müalicəvi-süfrə suyunu yalnız az miqdarda və həkim tövsiyəsi ilə içmək olar.
Bu barədə RT-yə açıqlamasında qastroenteroloq Mariya Şamanskaya bildirib.
Həkimin sözlərinə görə, bu cür su müalicə məqsədilə istifadə olunur və qidalanma rejiminə uyğun olaraq müəyyən kurs şəklində qəbul edilməlidir.
“Etiketdə ‘müalicəvi-süfrə suyu’ yazılıbsa və duz miqdarı 10 q/litrədəkdirsə, onu ya həkim məsləhəti ilə, ya da qeyri-müntəzəm şəkildə içmək olar. Böyüklər üçün təhlükəsiz miqdar gündə təxminən 100 millilitrdir”, — deyə mütəxəssis qeyd edib.

Şamanskaya əlavə edib ki, tərkibində 10 q/litrdən çox duz olan müalicəvi suyu yalnız həkim təyin etməlidir. Belə suyun qəbulu ciddi dozalanır, yemək vaxtlarına uyğun planlaşdırılır və kurs şəklində aparılır.
Həkim xəbərdarlıq edib ki, duzların həddindən artıq qəbulu böyrəklərə və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

