Havaların soyuması ilə birlikdə soyuqdəyməyə qarşı xalq arasında geniş yayılan üsullardan istifadə artır. Lakin mütəxəssislər bu üsulların bəzilərinin faydasız, hətta zərərli ola biləcəyini bildirirlər.
Bu barədə otorinolarinqoloq və preventiv tibb mütəxəssisi Nadejda Mironova aif.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, boğaz ağrısı zamanı qaynar çay içmək düzgün deyil. Həddindən artıq isti içkilər qıcıqlanmış selikli qişanı zədələyə və iltihabı gücləndirə bilər. Buna görə ilıq içkilərə üstünlük verilməlidir.
Sarımsağın soyuqdəymədən qoruduğuna dair inandırıcı elmi sübutlar yoxdur. Acı bibər isə burun tutulmasını müvəqqəti yüngülləşdirsə də, müalicə vasitəsi hesab edilmir.
Mütəxəssis spirtli içkilərin orqanizmi isitdiyi barədə fikirlərin də yanlış olduğunu bildirib. Alkoqol susuzlaşma riskini artırır və immun sisteminə mənfi təsir göstərə bilər.

Həkim dondurmanın öz-özlüyündə soyuqdəyməyə səbəb olmadığını da vurğulayıb. Onun sözlərinə görə, soyuq qidalar bəzi hallarda boğaz ağrısını və şişkinliyi azalda bilər. Lakin artıq iltihablanmış boğazda qıcıqlanma yarada bilər.
Xəstəlik zamanı yumşaq, yüngül və az yağlı qidalara üstünlük verilməsi tövsiyə olunur. Çərəzlərdən, çipslərdən, qazlı içkilərdən, çox acı, turş və duzlu məhsullardan uzaq durmaq məsləhətdir.
“İştaha azalıbsa, özünüzü zorla yeməyə məcbur etməyin. Xəstəliyin ilk günlərində əsas məsələ orqanizmin maye ehtiyacını ödəməkdir”, – deyə mütəxəssis bildirib.

