Sakitləşdirici və yuxugətirici preparatlar, əzələ boşaldıcıları, sedativ təsirli antihistaminlər və opioid ağrıkəsicilər xorultunun yaranmasını və ya güclənməsini artıra bilər.
“Gazeta.Ru”ya açıqlamasında farmasevtik ekspert Valentina Milovanova bildirib ki, yuxu zamanı boğaz, yumşaq damaq və dil əzələləri təbii şəkildə boşalır. Lakin bu boşalma həddindən artıq olduqda tənəffüs yolları qismən darala və keçən hava yumşaq toxumalarda titrəmə yaradaraq xorultuya səbəb ola bilər.
Ekspertin sözlərinə görə, bu baxımdan əsas risk qruplarına sedativ və yuxugətirici preparatlar daxildir. Benzodiazepinlər, barbituratlar və mərkəzi sinir sistemini zəiflədən digər vasitələr udlaq əzələlərini daha çox boşalda bilər.
Əzələ boşaldıcıları da eyni təsiri göstərə bilər. Allergiya üçün istifadə olunan bəzi birinci nəsil antihistaminlərin, məsələn, difenhidramin tərkibli preparatların da güclü yuxugətirici təsiri var. Opioid ağrıkəsicilər isə tənəffüs mərkəzini zəiflədə və yuxuda qeyri-müntəzəm nəfəsalmaya səbəb ola bilər.
Milovanova xəbərdarlıq edib ki, xorultu çox güclənibsə, yuxu zamanı nəfəsin dayanması, boğulma hissi və ya gündüz həddindən artıq yuxululuq müşahidə olunursa, həkimə müraciət etmək lazımdır. Bu əlamətlər obstruktiv yuxu apnesinin göstəricisi ola bilər.

