Burun tutulması, asqırma və gözlərin qızarması çox vaxt QRİ (kəskin respirator infeksiya) kimi qəbul olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu əlamətlər yaz allergiyasının tipik göstəriciləri də ola bilər.
Yaz aylarında havada tozcuqların (polenlərin) miqdarı artır və bu, allergiyaya meyilli insanlarda immun sistemin həddindən artıq reaksiyasına səbəb olur. Nəticədə orqanizm zərərsiz maddələri təhlükə kimi qəbul edir.
Əsas əlamətlər:
- Burun tutulması və ya axıntı
- Tez-tez asqırma
- Gözlərin qızarması və qaşınması
- Boğazda qıcıqlanma
- Yorğunluq və halsızlıq
Allergiya ilə QRİ-ni fərqləndirən əsas məqamlar:
- Allergiyada qızdırma olmur
- Əlamətlər uzun müddət davam edir və mövsümə bağlıdır
- Göz qaşınması daha çox müşahidə olunur
Mütəxəssislər tövsiyə edir ki, simptomlar davamlıdırsa, özünü müalicə etmək əvəzinə allergoloqa müraciət etmək daha doğru yanaşmadır.

