Bakının “Şamaxinka” kimi tanınan ərazisində 5 müntəzəm avtobus marşrutunun dayanacağı dəyişdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, 130, 142, 500, 503 və 508 nömrəli avtobuslar Moskva prospektindəki mövcud dayanacaqdan çıxarılacaq.
Bu marşrutlardan istifadə edən sərnişinlər “Azərbaycanfilm” kinostudiyası dayanacağından istifadə edə biləcəklər.
Bundan başqa, “Şamaxinka” ərazisindəki mövcud dayanacaq yenidən təşkil edilərək üç hissəyə bölünəcək. Yeni dayanacaq zonaları müvafiq yol nişanları ilə işarələnəcək.
AYNA-dan bildirilib ki, dəyişikliklər avtobusların dayanacaq ətrafında sıxlığının azaldılması, hərəkətin sürətləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi daşıyır.
Ərazidə artan sərnişin tələbatını qarşılamaq üçün əlavə avtobusların cəlb edilməsi istiqamətində də tədbirlər davam etdirilir.

