Avropa Komissiyası son günlər Ursula von der Leyenin Türkiyə ilə bağlı açıqlamasının Ankara tərəfindən anlaşılmazlıqla qarşılanmasından sonra məsələ ilə bağlı izahat verəcəyini bildirib.
Bloomberg yazır ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərdə gərginliyi azaltmağa çalışıb. Buna səbəb Ursula von der Leyenin bu ölkəni Rusiya və Çin ilə eyni sırada qeyd etməsi olub. Bu isə NATO üzvü olan Türkiyənin potensial təhlükə kimi göstərildiyi təəssüratını yaradıb.
Bununla belə, Avropa Komissiyası sözçüsü Paula Pinho bildirib ki, Ursula von der Leyen Türkiyəni digər ölkələrlə müqayisə etməyib. Onun sözlərinə görə, həmin qeyd ölkənin “geosiyasi təsiri, ölçüsü və ambisiyalarının” tanınması kimi anlaşılmalıdır.
Paula Pinho əlavə edib ki, Ankara regionda həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaş olaraq qalır.

