Türkiyənin Çorum şəhərində əyləncə mərkəzində baş verən dəhşətli hadisə 28 yaşlı Melike Yeterin ölümü ilə nəticələnib.
Oktyabrın 21-də baş verən hadisə zamanı gənc qadın boulinq aparatındakı nasazlığın səbəbini öyrənmək istəyərkən faciə ilə üzləşib. Keglləri düzən mexanizm qəfil işə düşərək ona güclü zərbə endirib.
Yaralanan Melike xəstəxanaya çatdırılıb. Lakin yayılan məlumatlara görə, həkimlər yalnız döş qəfəsinin rentgen müayinəsini apararaq iki saat yarımdan sonra onu evə buraxıblar.
Evə qayıtdıqdan bir müddət sonra gənc qadının vəziyyəti kəskin pisləşib, güclü qusma başlayıb. Yenidən xəstəxanaya yerləşdirilən Melikenin qaraciyərinin zədələndiyi və daxili qanaxma keçirdiyi müəyyən edilib.

Reanimasiya şöbəsinə yerləşdirilsə də, 28 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanıb. Prokurorluq ilkin tibbi müayinədə mümkün səhlənkarlıq hallarını, eləcə də əyləncə mərkəzindəki təhlükəsizlik qaydalarını araşdırır. Mərkəzin sahibi saxlanıldıqdan sonra məhkəmə qərarı ilə həbs edilib.
Məlumata görə, boulinq aparatının təmiri Melikenin vəzifə öhdəliklərinə daxil olmayıb. Onun sosial sığorta olmadan işlədilməsi ehtimalı da araşdırılan məsələlər sırasındadır.
Faciənin ən ağrılı tərəfi isə Melikenin cəmi üç ay əvvəl nişanlanmasıdır. Gənc qadın sevgilisi ilə toy hazırlığı görürdü.

