ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərinə dörd amerikalı jurnalistin göndəriləcəyini açıqlayıb.
Newsmax telekanalının əməkdaşları şəhərdə həyata keçiriləcək humanitar missiyanı müstəqil şəkildə izləyəcək və neytral müşahidəçi qismində fəaliyyət göstərəcəklər.
Melaniya Tramp X sosial şəbəkəsində bildirib ki, jurnalistlər humanitar əməliyyatın gedişini lentə alacaq və baş verənləri sənədləşdirəcəklər.
Humanitar missiyanın təşkilində Melaniya Trampın özü də əlaqələndirici rol oynayır. Əməliyyat mülki əhaliyə yardım göstərilməsi və sakinlərin təxliyəsinə şərait yaradılması məqsədi daşıyır.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev amerikalı jurnalistlərin bölgəyə səfərini müsbət qarşılayıb. O bildirib ki, atəşkəs rejiminin qüvvədə olduğu müddətdə jurnalistlərin hadisələri yerində işıqlandırması mühüm əhəmiyyət daşıyır.
Oleşkidə humanitar əməliyyatın həyata keçirilməsi üçün Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs barədə razılıq əldə olunub.

