Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus MV Hondius kruiz gəmisində Andes hantavirusu alovlanmasının başa çatdığını bildirib.
Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“Bu gün MV Hondius kruiz gəmisində hantavirusla təmasda olmuş sonuncu şəxsin karantin müddəti başa çatıb, onun test nəticəsi mənfi çıxıb və o, evinə qayıdıb. Mayın 25-dən yeni yoluxma halı qeydə alınmayıb. Buna görə də ÜST alovlanmanı başa çatmış hesab edir”, — deyə Qebreyesus bildirib.
Xatırladaq ki, Andes virusu alovlanması Niderlanda məxsus MV Hondius ekspedisiya gəmisinin göyərtəsində 2026-cı ilin aprel-may aylarında, Cənubi Atlantika üzrə reys zamanı baş vermişdi.
Laynerdə ümumilikdə 147 nəfər — 88 sərnişin və 59 ekipaj üzvü olub.
ÜST-ə alovlanma barədə mayın 2-də məlumat daxil olub. Təşkilat həmin müddətdə hantavirusa 13 təsdiqlənmiş yoluxma və 3 ölüm halı barədə məlumat yayıb.
Qeyd edək ki, hantaviruslar əsasən kiçik məməliləri yoluxduran viruslar ailəsinə aiddir, lakin insana da keçə bilir. Ağır hallarda yoluxan şəxslərdə ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edə bilər.

