ABŞ Ordusunun Yoluxucu Xəstəliklər üzrə Tədqiqat İnstitutunun virusologiya şöbəsinin rəhbər müavini, tanınmış virusoloq Cey Hupar hantavirusun təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq edib.
Daily Star nəşrinin məlumatına görə, mütəxəssis bu virusun qan damarları və ağciyərlərdə ağır zədələnmələr yaratdığını, ölüm faizinin isə təxminən 35 faiz olduğunu bildirib.
Hantavirus necə yayılır?
Virus əsasən gəmiricilər vasitəsilə yayılır.
Cey Huparın sözlərinə görə, insan yoluxmuş siçan və siçovulların ifrazat hissəciklərini nəfəs yolu ilə qəbul etdikdə virusa yoluxa bilər.
Çirklənmiş qidalar da risk yaradır.
Əgər gəmirici tullantıları aerozol şəklində havaya qarışarsa, insan bu yolla yoluxa bilər. Çirklənmiş qida vasitəsilə yoluxma ehtimalı da var, — deyə virusoloq bildirib.
Virus orqanizmdə nə edir?
Mütəxəssis qeyd edib ki, hantavirus qan damarlarının daxili qatını təşkil edən endotel hüceyrələrini zədələyir.
Bu isə damarların funksiyasını pozur və maye sızmasına səbəb olur.
Hantavirus damarların daxili qatını zədələyir və damarlar sızmağa başlayır. Bu, dəhşətlidir, — deyə Cey Hupar vurğulayıb.
Xəstəlik ağırlaşdıqca ağciyərlərdə sürətlə maye toplanır və bu da vəziyyəti daha da kritikləşdirir.
Hazırda hantavirus üçün standart müalicə mövcud deyil.
İnsandan insana keçə bilən nadir ştam
Mövcud yoluxma hallarının Andes adlı hantavirus ştamı ilə bağlı olduğu bildirilir.
Bu, insandan insana keçə bildiyi bilinən yeganə hantavirus növüdür.
Virus tüpürcək və digər bədən mayeləri vasitəsilə yayıla bilər.
Bununla belə, mütəxəssis hesab edir ki, qlobal pandemiya ehtimalı aşağıdır.
Onun sözlərinə görə, hantavirus COVID-19 qədər yoluxucu deyil və virusun keçməsi üçün çox yaxın təmas lazımdır.
Kruiz gəmisində təhlükəli yoluxma

Məlumata görə, Atlantik okeanında üzən “MV Hondius” kruiz gəmisində hantavirus yayılıb.
Gəmidə 140-dan çox insan olduğu və bir neçə yoluxma faktından sonra gəminin faktiki olaraq üzən karantinə çevrildiyi qeyd olunur.
Səfər Argentinadan başlayıb və Qərbi Afrikada başa çatmalı idi.
Bu həftə üç nəfərin öldüyü təsdiqlənib, daha azı yeddi sərnişin isə hazırda müalicə alır.
Ekspertlərin fikrincə, bəzi sərnişinlər Argentinanın Uşuaya şəhərində quş müşahidəsi zamanı yoluxublar.
Ehtimala görə, onlar gəmirici tullantılarından havaya qalxan yoluxmuş hissəcikləri nəfəs alıblar və virus daha sonra gəmidə yayılıb.

