Uqandanın qərbində Marburq virusu ilə bağlı ölüm halı qeydə alınıb.
Bu barədə Reuters Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə (Africa CDC) istinadən məlumat yayıb.
Məlumata görə, təhlükəli xəstəlik halı bölgədə potensial Ebola yoluxmalarının monitorinqi zamanı aşkarlanıb.
Uqanda səhiyyə qurumları Marburq virusunun səbəb olduğu xəstəliklə bağlı təcrid olunmuş bir halı təsdiqləyiblər. Hadisə ölkənin qərbində yerləşən Kyeggegva dairəsində qeydə alınıb.
Bildirilir ki, virusa yoluxan 1 yaş yarımlıq uşaq həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı da Reuters-ə açıqlamasında Uqandada bir Marburq virusu yoluxması barədə məlumatlı olduğunu təsdiqləyib.
Africa CDC nümayəndəsinin sözlərinə görə, hazırda ölkədə Marburq qızdırması ilə bağlı aktiv yoluxma halı qeydə alınmayıb. Ölən uşaqla təmasda olan şəxslərdə isə hələlik xəstəlik əlamətləri müşahidə edilməyib.

