Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma ilə bağlı 900-dən çox ehtimal olunan halın qeydə alındığını bildirib. ÜST rəhbəri Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında xəstəliyə 101 yoluxma halının təsdiqləndiyini dəqiqləşdirib.
Təşkilatın məlumatına görə, ən ağır vəziyyət təxminən 5 milyon insanın yaşadığı İturi vilayətində müşahidə olunur. Həmçinin bildirilir ki, region əhalisinin əhəmiyyətli hissəsi humanitar yardıma ehtiyac duyur və evlərini tərk edib.
Qebreyesus əlavə edib ki, regionda davam edən döyüşlər xəstəliyin yayılması ilə mübarizəni ciddi şəkildə çətinləşdirir. Onun sözlərinə görə, münaqişə Ebolanın erkən aşkarlanmasına və yoluxan şəxslərlə təmasda olanların izlənməsinə mane olur.

