Dünyada son günlər ən çox müzakirə olunan viruslardan biri hantavirus olub. Gəmiricilər və siçovullar vasitəsilə yayılan bu təhlükəli virus insanlarda ağır ağciyər və böyrək xəstəliklərinə səbəb ola bilir.
Virus xüsusilə Atlantik okeanında üzən “Hondius” kruiz gəmisində baş verən yoluxmalardan sonra yenidən gündəmə gəlib.
Məlumata görə, gəmidə olan üç sərnişin — Niderland vətəndaşları olan yaşlı cütlük və bir alman qadın — ehtimal olunan hantavirus yoluxmasından sonra həyatını itirib.
DW yazır ki, daha bir sərnişində hantavirus aşkarlanıb və o hazırda Sürix Universitet Xəstəxanasında müalicə olunur.
Bundan əlavə, hantavirus şübhəsi ilə daha üç nəfər təxliyə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus Tedros Adhanom Qebreyesus mayın 6-da bildirib ki, yoluxma riski olan bütün şəxslər müalicə üçün Niderlanda göndərilib.
Yoluxmanın baş verdiyi “MV Hondius” kruiz gəmisində təxminən 150 sərnişin və ekipaj üzvü olub. Hazırda gəmi Kabo-Verde yaxınlığındadır.
Hantavirus nədir?
Hantavirus heyvanlardan insanlara keçən virus infeksiyasıdır. Virusun əsas daşıyıcıları siçan və siçovullardır. Bundan başqa, köstəbəklər və yarasalarda da rast gəlinə bilər.
İnsanlar əsasən yoluxmuş gəmiricilərin:
- tüpürcəyi,
- sidiyi,
- nəcis qalıqları
ilə təmas zamanı virusa yoluxurlar.
Virus toz vasitəsilə nəfəs yollarına daxil ola bilər və ətraf mühitdə həftələrlə yaşaya bilir.
Birbaşa heyvanla təmas olmadan da yoluxma mümkündür.
ÜST bildirib ki, “MV Hondius” gəmisində hantavirus nadir formada — insandan insana keçmiş ola bilər.
Ehtimala görə, yoluxma eyni kayutada yaşayan və ya yaxın təmasda olan şəxslər arasında baş verib.
Hantavirusun əsas simptomları
- 3–4 gün davam edən yüksək hərarət
- Güclü baş ağrıları
- Qarın və bel ağrıları
- Təzyiqin düşməsi
- Böyrək funksiyalarının pozulması
- Ağciyər ətrafında maye toplanması
Bəzi hallarda virus simptomsuz keçə bilər.
Mütəxəssislər bildirirlər ki, hantavirusdan sağalan insanlarda sonrakı illərdə qan xərçəngi və ürək-damar xəstəlikləri riski arta bilər.
Hazırda Avropa, Şimali və Cənubi Amerikada hantavirusa qarşı peyvənd tətbiq edilmir. Peyvəndlər yalnız Çin və Cənubi Koreyada istifadə olunur və onların effektivliyi hələ elmi olaraq tam sübut edilməyib.

