Təhlükəli Andes hantavirusuna qarşı hələlik peyvənd yoxdur. Bunun səbəbi isə belə bir vaksinin hazırlanması üçün indiyədək iqtisadi və tibbi zərurətin olmaması ilə izah edilir. Bunu RİA Novosti-yə S.İ. Georgiyevski adına Tibb İnstitutunun Mikrobiologiya, Virusologiya və İmmunologiya kafedrasının müdiri Tatyana Satayeva bildirib.
O izah edib ki, son vaxtlaradək dünyada bu patogenə yoluxma halları yalnız tək-tək qeydə alınırdı.
Satayeva ictimaiyyəti sakitləşdirərək deyib:
Kruiz laynerində baş verən həmin tək-tək hallara görə panikaya düşməyə dəyməz. Onlar insanların yoluxmuş heyvanlarla birbaşa təması ilə bağlıdır.
Həkim əlavə edib ki, vəziyyət nəzarət altındadır və real zərurət yaranacağı halda beynəlxalq ictimaiyyət qısa zamanda qoruyucu tədbirlər görəcək. Tibb elmləri doktoru əminliyini ifadə edib ki, virusun daha geniş yayılma təhlükəsi yaranarsa, müvafiq preparat operativ şəkildə hazırlanacaq.
Bioloji təhlükə ilə bağlı müzakirələrə səbəb isə bu yaxınlarda Argentinadan hərəkət edən Niderlandın MV Hondius kruiz laynerində infeksiya ocağının aşkarlanması olub. Hadisə nəticəsində üç nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatı 10 yoluxma halını təsdiqləyib və onların əksəriyyətinin məhz Andes ştammı ilə bağlı olduğunu bildirib.

