Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə yazıçı-publisist, jurnalist Rəna Təbəssümün “Azadlıq yollarında” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Təqdimatda şəhid ailələrinin üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin nümayəndələri, müəllifin qələm dostları, doğmaları və oxucular iştirak ediblər.
Tədbirdə çıxış edənlər - AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, AJB Sumqayıt təşkilatının sədri Rafiq Oday, kitabın redaktoru, tanınmış şair, publisist, esseist Rəsul Rza mükafatı laureatı Rəfail Tağızadə, Mədəniyyət Nazirliyinin “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, I Qarabağ müharibəsi qazisi Tərlan Hacızadə, Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şəhid ailələrinin üzvləri, eləcə də tanınmış şairlər Səidə Əşrəfqızı, Gülnarə Məhəmmədqızı, Sevinc Qərib və başqaları müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər. Çıxışlarda Rəna Təbəssümün ədəbi fəaliyyətində vətənpərvərlik mövzusuna xüsusi yer ayırdığı vurğulanıb.
Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Tərəqqi” medallı şair Səyyarə Şükürovanın məzmunlu çıxışı və həmin məktəbin şagirdlərinin Rəna Təbəssümün şəhidlərə həsr olunmuş şeirlərini səsləndirməsi tədbirə duyğusal və mənalı çalarlar qatıb.
Qeyd olunub ki, “Azadlıq yollarında” kitabı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin həyat və döyüş yolundan bəhs edir. Əsər gənc nəslin vətənə sevgi və qəhrəmanlıq ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ədəbi cameədə Rəna Təbəssüm imzası ilə tanınan Rəna Şirin qızı İmanova 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. O, “Eşqin gücü varsa”, “Qayıt”, “Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar”, “Qaranlıq izlər”, “Mənəviyyat məbədi”, “Corat: Qloballaşan dünyanın daş yaddaşı” və digər bədii və publisistik əsərlərin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Rəna Təbəssüm “Qızıl Qələm” Media mükafatına layiq görülüb. 2023-cü ildə Türkiyədə keçirilən Avrasiya Yazarlar Birliyinin hekayə müsabiqəsində “Körpənin arzuları” adlı hekayəsi ilə mükafata layiq görülüb.
Tədbirin sonunda müəllif çıxış edərək “Azadlıq yollarında” kitabı barədə ətraflı məlumat verib, əsərin gənclər üçün vətənpərvərlik nümunəsi kimi əhəmiyyətindən danışıb. O bildirib ki, bu kitab yalnız tarix deyil, həm də gələcək nəsillər üçün bir yaddaşdır, vətənin azadlığı uğrunda canından keçənlərin izlərini yaşadan bir mənəvi mirasdır.
Tədbir müğənni Arzu Məmmədovanın ifasında səsləndirilən “Azərbaycanım” mahnısı ilə başa çatıb.
İlhamə Məhəmmədqızı
DenMedia.az