Braziliyanın eks-prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhdə görə 27 il həbsə məhkum edildikdən sonra cəzasını çəkməyə başlayıb.
Bu barədə Brasil247 məlumat yayıb. Bildirilir ki, o, kifayət qədər rahat şəraitdə saxlanacaq.
Bolsonaro Braziliadakı Federal Polis qərargahında 12 kv.m-lik kameraya yerləşdirilib. Şərait 2018–2019-cu illərdə həbsdə olan hazırkı prezident Lula da Silvanın kamerası ilə eynidir.
Kamera yenidən təmir edilib, içərisinə kondisioner, televizor və mini-soyuducu quraşdırılıb. Sabiq prezidentə yüksək fiziki mühafizə də təmin olunur.
Otaqda ayrı hamam otağı, çarpayı, yazı masası, şkaf, stul və müxtəlif məişət texnikası mövcuddur.
Bolsonaro 22 noyabrda həbs olunub. Sərt nəzarət onun oğlu Flavio Bolsonaronun atasına dəstək aksiyasına çağırışı və eks-prezidentin qaçmaq ehtimalı ilə izah edilir. Jair Bolsonaro həmçinin elektron nəzarət bilərziyini çıxarmağa cəhd etdiyini etiraf edib.

