ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı Venesuela lideri Nikolás Maduronun oğurlanmasına bənzər hərbi əməliyyata ehtiyac görmədiyini bildirib. O, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri üçün belə bir əməliyyatı həyata keçirmək çətin olmazdı.
“Amma düşünmürəm ki, buna ehtiyac olacaq”, – deyə Donald Tramp vurğulayıb.
Yanvarın sonunda ABŞ lideri guya Kubadan qaynaqlanan milli təhlükəsizlik təhdidi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etmişdi.
Buna cavab olaraq, ertəsi gün Kuba hakimiyyəti də adada fövqəladə vəziyyət rejimi tətbiq etdiyini açıqlayıb və qərarı Vaşinqtondan gələn “ekstremal təhdid”lə əsaslandırıb. Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-dan qaynaqlanan təhlükənin “anti-Kuba neofaşist sağ qüvvələrin fəaliyyəti ilə böyük ölçüdə bağlı olduğunu” bildirib.
Yanvarın 3-də ABŞ qüvvələri Venesuelanın paytaxtı Karakas, Fort-Tiuna hərbi bazası və digər obyektlərə zərbələr endirib. Əməliyyat nəticəsində ABŞ hərbçilərinin Venesuela Prezidenti Nikolás Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək ölkədən çıxardığı bildirilib.

