Venesuela ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə sazişi müzakirə etməyə hazırdır.
Bu barədə Venesuela Prezidenti Nicolas Maduro jurnalist İqnasiо Ramonetyə açıqlamasında bildirib.
Açıqlamanın videosu dövlət başçısının Telegram kanalında yayımlanıb.
Maduro əlavə edib ki, ABŞ investisiyalarının Venesuelanın neft sektoruna cəlb olunması imkanları da müzakirə mövzusudur. Onun sözlərinə görə, Vaşinqton bu mövqedən xəbərdardır:
“ABŞ hökuməti bunu bilir, çünki biz onun bir çox nümayəndəsinə demişik ki, əgər narkotik alverinə qarşı mübarizə üzrə sazişi ciddi şəkildə müzakirə etmək istəyirlərsə, biz buna hazırıq.”
Prezident vurğulayıb ki, ABŞ həmçinin iqtisadi inkişaf üzrə genişmiqyaslı razılaşmaların bağlana biləcəyini də bilməlidir.
Eyni zamanda Maduro bildirib ki, ABŞ Prezidenti Donald Trump ilə yalnız bir dəfə, təxminən 10 dəqiqəlik telefon danışığı olub. Onun sözlərinə görə, söhbət qarşılıqlı hörmət şəraitində aparılıb.

