ABŞ dövlət katibi Marko Rubio dünyanın müxtəlif ölkələrində sol siyasi qüvvələrin terror təhlükəsi yaratdığını bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Rubionun sözlərinə görə, bu təhlükələrə qarşı kollektiv cavab verilməli, mövcud antiterror sistemi yenidən qurulmalıdır.
“ABŞ-də sol qanadın törətdiyi terror aktlarının payı son onillikdə görünməmiş səviyyəyə çatıb. Almaniyada isə təkcə ötən il ifrat sol qüvvələrin zorakılıq hallarının sayı 40 faiz artıb”, – deyə o bildirib.
Dövlət katibi hesab edir ki, bu qüvvələri “sivilizasiyaya nifrət” hərəkətə gətirir. O, kəşfiyyat məlumatlarının mübadiləsinin gücləndirilməsinə və hüquq-mühafizə orqanlarının vahid, koordinasiyalı strategiya hazırlamasına çağırıb.
Rubio həmçinin kommunist və marksist hərəkatları sərt tənqid edib. O, Co Baydenin əvvəlki administrasiyasını sol qüvvələrin zorakılığını əsaslandırmaqda günahlandıraraq, “bu dövr başa çatmalıdır” deyib.

