ABŞ NATO-nu “tərk etmək” niyyətində deyil. Bunu ABŞ-ın dövlət katibi Marko Rubio Bratislavada Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Hamı təşvişə düşüb düşünür ki, guya NATO-nu, müttəfiqləri tərk edirik. Amma məsələ ondadır ki, müttəfiqlərimiz nə qədər güclüdürsə, biz də kollektiv şəkildə bir o qədər güclüyük”, – deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton Avropa ilə münasibətlərdə müsbət rol oynamaq niyyətindədir və birgə işləmək üçün kifayət qədər sahə mövcuddur.
ABŞ dövlət katibi əlavə edib ki, Prezident Donald Trampın administrasiyası dövründə Mərkəzi Avropa qitə və dünya ilə qarşılıqlı əlaqədə əsas komponentlərdən birinə çevriləcək.
“Biz Avropanın vassala çevrilməsini istəmirik. Avropanın asılı vəziyyətə düşməsini arzulamırıq”, – deyə Marko Rubio bildirib.

