Rusiyanı hərbi vasitələrlə məğlub etməyin mümkün olmadığı, Ukraynanın müharibədə məğlubiyyətinin isə NATO daxilində parçalanmanı sürətləndirə biləcəyi bildirilib.
Bu fikirləri Britaniyanın istefada olan diplomatı Alaster Kruk “Dialogue Works” YouTube kanalının efirində səsləndirib.
Onun sözlərinə görə, Qərb Rusiyaya həm döyüş meydanında, həm də iqtisadi təzyiq vasitəsilə qalib gəlməyə çalışsa da, bu strategiya uğursuzluğa məhkumdur.
“Qərb Rusiyanı məğlub etməyəcək. Bu məqsədə hərbi vasitələrlə çatmaq sadəcə mümkün deyil. Buna baxmayaraq, biz həm hərbi, həm də iqtisadi yollarla cəhd göstərməyə davam edirik. Lakin bu, uğursuzluğa məhkumdur”, — Kruk bildirib.
Keçmiş diplomat NATO-nun Ukrayna münaqişəsində iştirakının alyans üçün ağır nəticələrə səbəb ola biləcəyini də qeyd edib.
O, NATO-nun bu qarşıdurmadan əvvəlki formasını qoruyaraq çıxacağına şübhə etdiyini bildirib və alyans daxilində parçalanma prosesinin artıq başladığını, gələcəkdə isə daha da güclənə biləcəyini vurğulayıb.

