Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq iki ildən çoxdur ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Son günlərdə isə gərginliyi daha da artıran yeni bir hadisə baş verdi: Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə isgəndər raketi atması nəticəsində onlarla insan həlak olub, çox sayda insan yaralanıb. Bu hadisə həm regionda, həm də dünya ictimaiyyətində ciddi rezonans doğurub.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a bu hücumun mümkün nəticələrini şərh edərək bildirib ki, Sumıya atılan isgəndər raketi Rusiya tərəfindən verilən açıq bir mesajdır. “Bu, təkcə hərbi əməliyyat deyil, həm də psixoloji və siyasi təzyiq vasitəsidir. Moskva Kiyev və onun müttəfiqlərinə göstərmək istəyir ki, münaqişəni istədiyi formada idarə etməyə qadirdir,” – deyə o qeyd edir.
Hadisə yerindəki ağır nəticələr və insan tələfatı, ilk baxışda, tərəfləri barışa sövq edə bilərmiş kimi görünə bilər. Lakin Bəşirova görə, reallıq fərqlidir: “Bu cür hücumlar Ukraynanın danışıqlara marağını azaltmaqla yanaşı, xalq arasında Rusiya ilə istənilən dialoqa qarşı nifrəti artırır. Danışıqların əsas prinsipi qarşılıqlı etimaddır. Ancaq bu etimad, isgəndər kimi silahlarla vurulanda, diplomatiya arxa planda qalır.”
Sumı şəhərinə hücumdan sonra ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr Rusiyanı sərt tənqid edərək, bu addımı beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndiriblər. Bununla yanaşı, hücum yeni sanksiyaların gündəmə gəlməsinə səbəb ola bilər. Eyni zamanda, Ukraynanın müdafiə imkanlarının daha da artırılması və NATO ilə əməkdaşlığının gücləndirilməsi ehtimalı da mövcuddur.
Bəşirov bildirir ki, belə hallarda sülh danışıqları üçün real zəminin yaranması daha da çətinləşir: “Tərəflərdən biri qarşı tərəfi tam zəiflətməyə çalışırsa, bu, sülh niyyətinin olmadığını göstərir. Əgər hərbi əməliyyatlar dərinləşirsə, danışıqların gündəmdə qalması formal xarakter daşıyır.”
Xəyal Bəşirovun sözlərinə görə, Sumı şəhərinə edilən isgəndər hücumu bir daha göstərdi ki, regionda sülhün əldə olunması hələlik uzaq perspektiv kimi görünür. Diplomatik yollarla münaqişəyə son qoyulması üçün həm Rusiya, həm də Ukrayna tərəfinin ciddi siyasi iradə ortaya qoyması vacibdir. Lakin hazırkı reallıq, əksinə, müharibənin daha da dərinləşəcəyini və danışıqların arxa plana keçəcəyini göstərir.
Ellada Rəsulov
Den.az