Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün hazırda iki şərtin ödənilməsi vacibdir. Bunlar Ermənistan Konstitusiyası və qanunvericilik aktlarında dəyişikliklərin edilməsi, eləcə də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı məsələdir.
Əbu-Dabi görüşündən sonra bu, daha da aktuallaşıb. Əliyev-Paşinyan görüşündən sonra müzakirələr yenidən qızışıb. Nikol Paşinyanın tezliklə konstitusiya islahatlarına gedəcəyi, yoxsa, manevr edəcəyi ətrafında fikir mübadiləsi aparılır.
Azərbaycanın bu iki əsas tələbi yerinə yetiriləcəkmi? Paşinyan referenduma gedib, konstitusiya islahatları edəcəkmi?
Den.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov hesab edir ki, Əbu-Dabi görüşündə bütün məsələlər ətraflı şəkildə müzakirə olunub, lakin konstitusiyanın dəyişdirilməsi ilə bağlı proses zaman aparacağından onu yaxın bir neçə ayda həll etmək mümkün deyil.
Onun sözlərinə görə, ən böyük ehtimal odur ki, növbəti parlament seçkilərində Paşinyan qələbə çalacaqsa və erməni cəmiyyəti revanşist meyllərdən imtina etməyə başlayacaqsa şübhəsiz ki, həm də sülh müqaviləsinin imzalanması üçün lazım olan şərtlər yerinə yetiriləcək, yəni konstitusiyaya dəyişikliklər etmək mümkün olacaq:
“Amma daha əvvəl Minsk Qrupunun buraxılması ilə bağlı məsələ öz həllini tapa bilər. Düşünürəm ki, Nikol Paşinyan sülh prosesini həm də ona görə saxlayır ki, müəyyən qədər həm manevr imkanı, həm də daxildəki opponentlərinə müəyyən qədər müqavimət göstərmək imkanını özündə saxlasın. O baxımdan, bu məsələlərin yaxın dövrdə həll olunması mümkün görünmür”.
Politoloqun fikrincə, Əbu-Dabi görüşü müəyyən optimist əhval-ruhiyyə yaratsa da Ermənistanın daxilində vəziyyət heç də sabit deyil və gərginliklər var:
Oqtay Qasımov
“Xüsusilə də Ermənistanda kifayət qədər təsir imkanı olan Rusiya proseslərə müdaxilə etməyə çalışır və bu müdaxilələr nəticəsində Ermənistanda daxili siyasi vəziyyət gərginləşir, Paşinyanın opponentlərinə hərtərəfli təzyiq göstərilir.
Bu gün məlum oldu ki, Rusiyanın İrəvana ezam etdiyi oliqarx Samvel Karapetyan artıq siyasi partiya qurmaqla bağlı müraciət edib. Bu onu göstərir ki, Rusiya da öz mövqeyini qorumaqla Ermənistanı təsiri altında saxlamaq üçün addımlar atmaqdadır və bu niyyətindən vaz keçmiş deyil. Bu baxımdan qarşıdakı dönəmdə biz Ermənistanda daxili siyasi vəziyyətdə müəyyən gərginlikləri görə biləcəyik. Yəni bunlar sülh prosesinə müəyyən qədər mənfi təsirlər edən amillər sırasındadır”.
O.Qasımov qeyd edib ki, Rusiya prosesdə özünün kənarda qalmasını heç cür qəbullana bilmir və mümkün qədər müqavimət göstərməklə öz maraqlarını təmin etmək istəyir:
“Bu baxımdan Ermənistan əgər Əbu-Dabi görüşündən sonra da özünün müstəqil siyasət yeritmək qabiliyyətini göstərə biləcəksə və ona qərbdən də dəstək davam edəcəksə ki bu da Rusiyanın təsirlərini mümkün qədər neytrallaşdırmaq üçün lazımdır, o zaman proses irəliyə doğru gedə bilər. Bu kontekstdə önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsi mətninin rəsmən paraflanması ola bilər ki, bunlar hamısı prosesə müsbət təsir və impuls verən amillər olardı”.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə Minsk Qrupunun ləğvinin hüquqi baxımdan icra proseduru ilə bağlı sualımızı cavablandırıb.
Fərhad Mehdiyev
“Minsk Qrupu onu yaradan ATƏT konfransı tərəfindən də ləğv edilməlidir. İkinci yol isə Minsk Qrupu həmsədr dövlətlərin həmin qrupda üzvlüklərinə son qoymasıdır”, deyə o qeyd edib.