Sumqayıtda baş verən güclü külək bir ailəni yasa boğdu.
Den.az xəbər verir ki, faciəli hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində kərpic zavodun ərazisində qeydə alınıb. Bədbəxt hadisə nəticəsində 45 yaşlı Natiq Haqverdiyev həyatını itirib.
Hadisə zamanı güclü külək hündür və iri ölçülü hasarı aşırıb. Dəmir-beton konstruksiya "KamAZ" markalı yük avtomobilinin üzərinə çöküb. Maşının sükanı arxasında olan Natiq Haqverdiyev ağır xəsarətlər alıb. Təcili yardım hadisə yerinə yetişsə də, artıq gec olub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə mərhum ailəli olub, 4 uşaq atası idi. Onun qəfil ölümü ailəsini və yaxınlarını sarsıdıb. Şahidlərin dediyinə görə, Natiq zəhmətkeş və mehriban insan kimi tanınırdı. Özü ailəsi ilə birlikdə Xızı rayonunda kirayədə yaşayırmış. Məhz zavoddan kərpiç qırıntısı daşıyaraq satırmış.
Hadisəylə bağlı bir sıra suallar yaranıb. Rəsmi mənbələr hasarın aşmasını güclü küləklə əlaqələndirsə də, ərazidə olan müşahidə görüntüləri və şahid ifadələri bununla tam uyğun gəlmir. İddialara görə, hasarın söküntüsündə texniki səhvlərə yol verilib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ekspertiza təyin olunub, əraziyə mütəxəssislər cəlb edilib.
Bu hadisə bir daha göstərdi ki, istənilən müəssisədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ciddi ehtiyac var. Əks halda, bu cür faciələr təkrarlana bilər.