İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası liderlik edir.
İsrailin dövlət televiziyası “Kan-11”in yayımladığı exit-poll nəticələrinə əsasən, “Likud” Knessetdə 25 mandat qazana bilər. Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası isə 21 yerlə ikinci sıradadır.
Lakin Netanyahunun partiyasının liderliyi hakim koalisiyanın parlamentdə çoxluğu əldə etməsi demək deyil.
İlkin hesablamalara görə, hakim koalisiyanı dəstəkləyən partiyalar ümumilikdə 50, müxalifət bloku isə 51 mandat qazana bilər. Ərəb partiyalarının payına 17 yer düşəcəyi proqnozlaşdırılır.
120 yerlik Knessetdə hökumət çoxluğunu formalaşdırmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.
Seçici fəallığı da diqqət çəkib. İsrailin 12-ci telekanalının məlumatına görə, səsvermə günü saat 12:00-dək seçicilərin 31,5 faizi səs verib. Bu göstəricinin 1973-cü ildən bəri ən yüksək nəticə olduğu bildirilir.
Qeyd edək ki, açıqlanan rəqəmlər exit-poll nəticələridir və yekun seçki nəticələrini əks etdirmir.

