Azərbaycan tarixinin ən ağır faciələrindən biri olan Bakı metrosundakı yanğından 31 il ötür.
1995-ci il oktyabrın 28-də “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda baş verən yanğın 289 nəfərin həyatına son qoydu.
Faciəyə qatarın texniki avadanlığında yaranan nasazlıq səbəb oldu. Hadisənin əsas versiyasına görə, vaqonlardan birinin dartı mühərrikində yanğın başladı.
Qatarın maşinisti yaranmış vəziyyətdə səhv qərar verərək tərkibi iki stansiya arasındakı dar tuneldə saxladı. Tuneldə havalandırmanın zəif, işıqlandırmanın isə məhdud olması sərnişinlərin təxliyəsini çətinləşdirdi.
İnsanların əksəriyyəti tüstüdən boğularaq həyatını itirdi. Yaranan izdiham zamanı əzilənlər də oldu. Həlak olanların çoxu qatarın içərisində qaldı, 40 nəfərin meyiti isə tuneldə aşkar edildi. Yanan qatarın yanından keçməyə çalışan bir neçə sərnişin elektrik cərəyanının təsirindən öldü.
Rəsmi məlumatlara əsasən, faciə nəticəsində 286 sərnişin, o cümlədən 28 uşaq və üç xilasedici həlak oldu. Daha 270 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı.
Hadisədən sonra təhlükəsizlik qaydalarına əməl etməməkdə təqsirləndirilən qatar maşinisti və dispetçer 10 il müddətinə azadlıqdan məhrum edildilər.
Faciə ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə ölkədə üç günlük ümummilli matəm elan olundu.
Dövlət başçısının göstərişinə əsasən, həlak olanların ailələrinə bir milyon manat məbləğində maddi yardım ayrıldı, dəfn xərcləri isə dövlət tərəfindən qarşılandı.
28 oktyabr 1995-ci il yanğını dünya metropolitenləri tarixində ən çox insan tələfatı ilə nəticələnən hadisə kimi tarixə düşdü.
Üzərindən 31 il keçməsinə baxmayaraq, Bakı metrosunda yaşanan bu faciə Azərbaycan xalqının yaddaşında ağır itki kimi qalır.

