ABŞ-də 3 yaşlı qızın antisanitar şəraitdə saxlanılması ilə bağlı dəhşətli hadisə ortaya çıxıb. Bu barədə New York Post məlumat yayıb.
Araşdırma zamanı hüquq-mühafizə orqanları uşağın zibil və tullantılarla dolu mənzildə yaşadığını müəyyən ediblər. Daha sonra həmin yaşayış yeri yaşamaq üçün yararsız hesab olunub.
Məhkəmə-tibbi ekspertizasının məlumatına görə, uşağın sağlamlıq vəziyyəti uzun müddət lazımi qayğı göstərilmədiyini göstərib. Ekspertiza nəticəsində onda ağır anemiya, ürək və daxili orqanlarda zədələnmələr qeydə alınıb. Uşağın orqanizmində arterial hipertenziyanın müalicəsində istifadə olunan klonidin preparatı da aşkarlanıb.
Hüquq-mühafizə orqanları ailədə daha dörd uşağın da böyüdüyünü bildirib. Məlumata görə, digər azyaşlılar da onların sağlamlığı və təhlükəsizliyi üçün təhlükə yaradan şəraitdə yaşayıblar.
Məhkəmə hər iki valideynə uşaqlarla əlaqə saxlamağı 2038-ci ilədək qadağan edib. Ata və ana 4 il müddətinə azadlıqdan məhrum olunublar.

