Belçikanın Antverpen şəhərində yerləşən Vasland limanında “Mia Summer II” yük gəmisində hidrogen-flüorid sızması baş verib.
Bu barədə Belçika mediası Beveren-Kruybeke-Zveindrext hakimiyyətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 155 nəfərə tibbi yardım göstərilib. Zərərçəkənlər arasında liman işçiləri və əsasən filippinli ekipaj üzvləri var. Onların maddənin buxarını udduğu ehtimal olunur.
28 nəfər daha ciddi simptomlarla xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiyadadır.
Gəmidən müəyyən məsafədə aparılan ölçmələr havada təhlükəli konsentrasiya aşkar etməyib.
Hazırda mütəxəssislər sızmanın baş verdiyi konteyneri hermetikləşdirərək təhlükəsiz şəkildə çıxarmaq üzərində işləyirlər.
Hadisə ilə əlaqədar ərazidə gəmi hərəkəti müvəqqəti dayandırılıb.

