Rumıniyada təcrübəli alpinist və diş həkimi Antonia Mihailescu dırmanış zamanı baş verən avadanlıq nasazlığı nəticəsində həyatını itirib.
Hadisə 11 iyulda Rumıniyanın Bucegi dağlarında, Albișoara Brânei marşrutunda baş verib.
Məlumata görə, Antonia Mihailescunun da olduğu 4 nəfərlik qrup təlimatçının müşayiəti ilə eniş edərkən bağlı olduqları qaya ankeri qopub. Nəticədə onlar təxminən 10-12 metrlik qayalıq yamaca düşüblər.

Eyni təhlükəsizlik sisteminə bağlı olan üç nəfər yaralı halda xilas edilib. 36 yaşlı Mihailescu isə bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.
Xəbərdarlıqdan sonra əraziyə dağ-xilasetmə qrupları və 4 helikopter göndərilib. Sıldırım relyef və çətin hava şəraiti səbəbindən xilasetmə əməliyyatı təxminən 3 saat davam edib.
Ağır yaralanan üç alpinist xəstəxanaya aparılıb.

Rumıniya rəsmiləri hadisə ilə bağlı cinayət işi üzrə araşdırma başladıb. İlkin qiymətləndirmələrə görə, qəzanın insan səhvindən deyil, təhlükəsizlik sistemində yaranmış texniki nasazlıqdan qaynaqlanmış ola biləcəyi bildirilir. Avadanlıq və təhlükəsizlik prosedurları yoxlanılır.

Peşəcə diş həkimi olan Antonia Mihailescunun dağçılıqda böyük təcrübəyə malik olduğu qeyd olunur. O, daha əvvəl Kilimancarodakı Uhuru zirvəsinə qalxıb, Everest baza düşərgəsinə yürüş edib və Peruda bir sıra çətin marşrutlarda iştirak edib.

