ABŞ-da 49 yaşlı qadın 60 metrlik uçurumdan yıxılsa da sağ qalıb. Bu barədə ABC7 məlumat yayıb.
Hadisə 18–19 aprel tarixlərində Kaliforniya ştatının Rancho Kukamonqa şəhərində baş verib. Ağır kəllə-beyin travmasının nəticələrindən əziyyət çəkən və koqnitiv pozuntuları olan qadın evdən çıxaraq itkin düşüb. Ailəsi polisə müraciət etdikdən sonra axtarış-xilasetmə əməliyyatı başladılıb.
Axtarışlara cəlb olunan iki alman çoban iti — Keva və Nadji — qadının izini tapıb. Təxminən yarım kilometrlik çətin ərazidən sonra itlərdən biri dərəyə yönəlib və xilasedicilər kömək çağırışını eşidiblər.
Məlum olub ki, qadın dik yamacdan təxminən 60 metr aşağı yuvarlanıb.
Ağır xəsarətlərə baxmayaraq, o sağ qalıb. Zərərçəkən helikopter vasitəsilə xüsusi avadanlıqla yuxarı qaldırılaraq xəstəxanaya çatdırılıb.
Hazırda onun vəziyyətinin stabil olduğu və həyatına təhlükə olmadığı bildirilir.

