Amerika qırıcıları İran ərazisindəki obyektlərə, o cümlədən İranşəhr şəhərində yerləşən hava limanına bir sıra raket zərbələri endirib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanı ərazisində üç partlayış baş verib. Dağıntılar barədə məlumat hələ dəqiqləşdirilmir.
İran KİV-inin məlumatına əsasən, vəziyyəti qiymətləndirmək üçün İran Silahlı Qüvvələrinin operativ bölmələri artıq hava limanına gəlib.
Bundan başqa, Mehr agentliyinin məlumatına görə, Bəndər-Abbas şəhərindəki stansiyaya da zərbə endirilib. Nəticədə iki nəfər xəsarət alıb.
Xəmir dairəsində isə üç körpü hücuma məruz qalıb. Onların arasında Bəndər-Abbası Fars əyalətindəki Lar şəhəri ilə birləşdirən keçid də var. Bu ərazidə iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.
İrana ilk hücumlar 8 iyul gecəsi başlayıb. Bu, ABŞ-ın Tehranla atəşkəsin dayandırıldığını elan etməsindən sonra baş verib. Vaşinqton İranı Hörmüz boğazında tankerlərə hücumlarda ittiham edib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp Konqresə hərbi əməliyyatların bərpa olunduğu barədə məlumat verib və zərbələrin dayandırılması ilə bağlı şəxsi göstəriş verənə qədər hücumların davam edəcəyini bildirib.
16 iyul gecəsi isə ardıcıl beşinci hücum dalğası başlayıb.

