Almaniyada keçirilən sorğu əhalinin böyük hissəsinin ölkənin müdafiə imkanlarına etibar etmədiyini göstərib.
YouGov-un 17 iyun–1 iyul tarixlərində 2079 nəfər arasında apardığı araşdırmaya görə, respondentlərin 70 faizi Almaniya ordusunun mümkün hücum zamanı ölkəni qoruya biləcəyinə inanmadığını bildirib. Orduya güvənənlərin payı cəmi 21 faiz, mövqe bildirməyənlərin göstəricisi isə 8 faiz olub.
Araşdırmanın əhatə etdiyi ölkələr arasında orduya etimadın ən aşağı səviyyəsi Almaniyada qeydə alınıb.
Sorğu iştirakçılarının 40 faizi müdafiə büdcəsini yetərsiz hesab etsə də, 77 faizi hərbi xərclərin maliyyələşdirilməsi üçün vergilərin artırılmasına qarşı çıxıb. Almanların 62 faizi dövlət xidmətlərinin ixtisarını, 59 faizi isə hökumətin əlavə borclanmasını dəstəkləməyib.
Almaniya müdafiə xərclərini 2029-cu ilədək 153 milyard avroya çatdırmağı, 2035-ci ilədək ordudakı hərbçilərin sayını 260 minə, ehtiyat qüvvələrin sayını isə 200 minə yüksəltməyi planlaşdırır.
Ölkədə 2011-ci ildə dayandırılan məcburi hərbi xidmətin bərpası məsələsi də müzakirə olunur.

