“Tənbəllik” orqanizmin müdafiə gücünün möhkəmlənməsinə kömək edə bilər. Çünki dərin istirahət zamanı kortizolun səviyyəsi azalır, bu hormon isə immun hüceyrələrinin inkişafına cavabdeh olan genlərin fəaliyyətinə mane olur.
Bu fikri TASS-a müsahibəsində PNİPU-nun “Kimya və biotexnologiya” kafedrasının baş elmi əməkdaşı, tibb elmləri namizədi Valeri Litvinov bildirib.
Mütəxəssisin sözlərinə görə, kortizol stressə cavab olaraq ifraz olunur. Təhlükə anlarında bu hormon orqanizmin ikinci dərəcəli funksiyalarını müvəqqəti zəiflədir və resursları beyinlə əzələlərin işləməsinə yönəldir.
Litvinov izah edib ki, kortizol limfa düyünlərində tamformalı immun hüceyrələrinin yaranması üçün vacib olan genlərin aktivləşməsini də ləngidir. Xroniki stress zamanı bu hormonun yüksək səviyyəsi uzun müddət qalır, nəticədə immunitet zəifləyir, yaraların sağalması və xəstəlikdən sonra bərpa prosesi uzanır.
Onun sözlərinə görə, tam istirahət və “tənbəllik” dövrlərində kortizolun ifrazı normal göstəricilərə enir. Bu isə bərpa prosesini işə salır: əvvəllər zəiflədilmiş genlər yenidən aktivləşir və limfositlər antikorları daha tam şəkildə istehsal edə bilir.
Bundan başqa, hormonun səviyyəsinin azalması orqanizmin müdafiə mexanizmlərinə virus və bakteriyaları daha operativ aşkarlayıb zərərsizləşdirməyə kömək edir.
Ekspertin fikrincə, özünə vaxtaşırı istirahət və heç nə etməmək imkanı verən insanlar nəinki xəstəliklərə daha az məruz qalır, həm də onlardan sonra daha tez bərpa oluna bilirlər.

