İstirahətin olmaması diqqət itkisinə səbəb ola və sinir sistemi üçün xroniki stress yarada bilər.
Bu barədə həkim-psixoterapevt İrina Kraşkina **“Çempionat”**a açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, uzun müddət məzuniyyətsiz işləmək sirkad ritmlərin pozulmasına gətirib çıxara bilər. Bu zaman orqanizm hormonal səviyyədə gecə ilə gündüzü ayırmaqda çətinlik çəkir.
Kraşkina bildirib ki, insan bir məktubu dəfələrlə oxuyur, sadə sözləri unudur və ya söhbətin məğzini izləyə bilmirsə, bu, mütləq erkən demensiya demək deyil. Bu hal çox vaxt həddindən artıq yorğunluq fonunda yaranan “beyin dumanı” ilə bağlı olur.

Onun sözlərinə görə, beynin məlumatları “yerləşdirməsi” və yaddaşı möhkəmləndirməsi üçün istirahət vacibdir.
Həkim əlavə edib ki, insan çox yorğun olsa da, yata bilmir və ya gecə saat 3-4 radələrində narahatlıq hissi ilə oyanırsa, bu, kortizol səviyyəsinin yüksəlməsi ilə bağlı klassik əlamətlərdən biri ola bilər.
“Məzuniyyətsiz sirkad ritmlər pozulur və orqanizm hormonal səviyyədə gecə ilə gündüzü ayırmağı dayandıra bilər”, — deyə Kraşkina bildirib.

