Daim emosiyaları boğmaq vərdişi onların göz yaşı ilə deyil, başqa formada üzə çıxmasına səbəb ola bilər.
Bu barədə psixoterapevt İrina Kraşkina Lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, emosiyaların uzun müddət içində saxlanılması əsəbilik, narahatlıq və ya donub qalma hissi yarada bilər. Bundan başqa, insanda daxili gərginlik, xroniki yorğunluq və emosional tükənmə də toplanır.

Psixoterapevt bildirib ki, problem insanın bəzən işdə və ya ictimai yerdə göz yaşlarını saxlamasında deyil. Bu, davranışı idarə etmək üçün normal bacarıqdır.
“Daha təhlükəli vəziyyət insanın illərlə özünə hər hansı zəiflik əlamətini göstərməyi qadağan etməsi və yaşadıqlarını qəbul etməyə imkan verməməsidir. Belə halda emosiyalar yığılır və başqa yollarla üzə çıxır”, — deyə Kraşkina izah edib.

