Ötən ilin Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır.

"Den.az" xəbər verir ki, bu sözləri Abşeron -Xızı Regional Təhsil idarəsinin tabeliyində olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbin akt zalında şəhid ailələri, qazilər və təhsil işçiləri ilə keçirilən görüşdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib.
Onun sözlərinə görə, Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirik. Onlarla qürur duyuruq deyə - Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib.