Azərbaycan dənizçilik ictimaiyyəti ağır itki ilə üzləşib. Odessa sahillərində “Atlas Bey” quru yük gəmisinə edilən hücum nəticəsində gəminin kapitanı Səməd Nəsrullayev həlak olub.
Bu barədə Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, qəfil hücum nəticəsində gəmidə baş verən yanğın və dağıntılar təkcə ekipaj üçün deyil, bütün dənizçilik ictimaiyyəti üçün faciəyə çevrilib.
İlham Nəsirov bildirib ki, xidməti vəzifəsini yerinə yetirərkən hücumun qurbanı olan kapitan Səməd Nəsrullayevin ölümü dərin kədərlə qarşılanıb.
“İctimai Birlik adından kapitanımızın ailəsinə, doğmalarına və yaxınlarına, eləcə də bütün Azərbaycan dənizçilik ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk. Onun peşəsinə sədaqəti və dənizçilik sahəsinə verdiyi töhfələr həmkarlarının yaddaşında daim yaşayacaq”, — deyə o qeyd edib.

