ABŞ-ın ən böyük investorlarından biri, multimilyarder Uorren Baffet artıq Microsoft-un qurucusu Bill Qeytsin fonduna ianə etməyəcək.
Bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yayıb.
Məlumata görə, Baffet Gates Foundation xeyriyyə təşkilatını illik ianələrini alan qurumların siyahısından çıxarıb. Bu səbəbdən Qeytsin fondu 6 milyard dollar ala bilməyəcək.
İnvestor növbəti 8 il ərzində bütün vəsaitləri dörd ailə fonduna yönəldəcək.
Qəzet yazır ki, Gates Foundation ianə alanlar siyahısından Bill Qeytsin qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə ifşalardan sonra çıxarılıb. Bildirilir ki, Baffet faktiki olaraq Qeytslə münasibətlərini kəsib.
İyunun 11-də Bill Qeyts Epşteynin onu ailə xəyanətləri barədə məlumatlarla şantaj etməyə çalışdığını bildirib. Microsoft qurucusunun sözlərinə görə, Epşteyn onun şəxsi həyatı, o cümlədən Melinda Frenç Qeytslə evliliyi dövründə xəyanətlə bağlı məxfi məlumatlara çıxış əldə etmişdi.

