Yalova İl Jandarma Komandanlığı əməkdaşları qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində Çiftlikköy rayonunda əməliyyat keçiriblər.
Əməliyyat zamanı F.C.A. adına qeydiyyatda olan avtomobil saxlanılıb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, avtomobildə aparılan axtarış zamanı plastik şüşə içərisində saxlanılan təxminən 500 qram şübhəli maddə aşkar edilib.
Maddə analiz üçün Səlcuq Universitetinin Fen Fakültəsinin Biokimya Laboratoriyasına göndərilib. Müayinələr nəticəsində onun əqrəb zəhəri olduğu müəyyən edilib.
Jandarmanın araşdırması zamanı zəhərin Suriya vətəndaşları I.A. və A.A. tərəfindən qanunsuz yollarla Suriyadan gətirildiyi və Türkiyədə alıcı axtarıldığı müəyyən olunub.
Kosmetika, dərman istehsalı və elmi araşdırmalarda məhdud sahələrdə istifadə edilə bilən əqrəb zəhərinin qanunsuz bazarda yüksək qiymətə satıldığı bildirilir.
Təxminən 5 milyon dollar dəyərində qiymətləndirilən maddə müsadirə olunub. Hadisə ilə bağlı 2 şübhəli barəsində 5607 saylı Qaçaqmalçılıqla Mübarizə Qanunu çərçivəsində məhkəmə və inzibati tədbirlər başladılıb.

