Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda 4,4 və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytına istinadən xəbər verir ki, Gümüşhacıköydə yerli vaxtla saat 12:23-də 4,4 bal, saat 12:26-da isə 4,2 bal gücündə iki yeraltı təkan baş verib.
Zəlzələlər müvafiq olaraq 10,07 və 19 kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar səbəbilə bölgədə yaşayan vətəndaşlar qorxu içində binalardan çölə çıxaraq bir müddət gözləyiblər. Zəlzələ ətraf vilayət və rayonlarda da hiss edilib.
Amasya valisi Önder Bakan açıqlamasında vətəndaşlara "geçmiş olsun" arzularını çatdıraraq, "Çox şükür ki, bizə hər hansı mənfi halın olduğu barədə məlumat daxil olmayıb. Sahə üzrə yoxlama işlərinə dərhal başlanılıb. AFAD və digər qurumlarımız bölgədə araşdırmalarını davam etdirir," – deyə bildirib.
Qeyd edək ki, Gümüşhacıköy və Hamamözü rayonlarında məktəblərdə bu gün tədrisə ara verilib.