Bu gün Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından altı il ötür.
2020-ci il oktyabrın 28-də, 44 günlük Vətən müharibəsi zamanı Bərdənin yaşayış məntəqələri “Smerç” raketləri ilə hədəfə alındı. Hücum zamanı fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və ticarət obyektlərinin yerləşdiyi sıx məskunlaşmış ərazilərə zərbələr endirildi.
Beynəlxalq hüquqla qadağan edilmiş kasetli sursatlardan istifadə olunması nəticəsində 21 mülki şəxs, o cümlədən Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı həlak oldu, 70-ə yaxın insan yaralandı.
Hadisə ilə bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.12, 100.2 və digər maddələri ilə cinayət işi başlatdı.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhəri və rayonun digər əraziləri üç dəfə – 5, 27 və 28 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə məruz qaldı.
Həmin hücumlar nəticəsində ümumilikdə 29 nəfər həyatını itirdi, 112 nəfər yaralandı. Yaşayış məntəqələrinə, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.
Ümumilikdə, 44 günlük müharibə zamanı Ermənistanın hərbi hücumları nəticəsində Azərbaycanda 93 mülki şəxs, o cümlədən 12 uşaq və 27 qadın həlak oldu, 454 nəfər yaralandı.
Bundan başqa, 12 mindən çox yaşayış və qeyri-yaşayış binasına, 288 nəqliyyat vasitəsinə ziyan dəydi, mindən artıq fermer təsərrüfatı dağıdıldı.

