Bu gün Bakının dörd rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, oktyabrın 28-də Yasamal, Nəsimi, Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərində elektrik enerjisinin təchizatı məhdudlaşdırılacaq.
Buna səbəb transformator yarımstansiyalarında və elektrik xətlərində aparılacaq planlı təmir işləri, eləcə də yeni avadanlıqların quraşdırılmasıdır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, həmçinin Yeni Yasamalın 1-ci və 2-ci yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr gözlənilir.
Nəsimi rayonunda saat 10:00-dan 12:00-dək Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi hissələrində qısamüddətli elektrik kəsintiləri olacaq.
Sabunçu rayonunda saat 10:00-dan 14:00-dək Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində elektrik enerjisinin verilişi dayandırılacaq. Ərazidə 6 kilovoltluq hava elektrik xəttində təmir işləri aparılacaq.
Qaradağ rayonunda isə saat 10:00-dan 13:00-dək Lökbatan qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərində elektrik təchizatında müvəqqəti fasilələr yaranacaq. Burada yeni komplekt transformator yarımstansiyasının quraşdırılması nəzərdə tutulub.
“Azərişıq”dan bildirilib ki, görüləcək işlər elektrik təchizatının etibarlılığını və keyfiyyətini artırmaq, eləcə də abonentlərin artan enerji tələbatını qarşılamaq məqsədi daşıyır.

