Fransanın ekoloji islahatlar üzrə nazirinin səlahiyyətlərini icra edən Anyes Panye-Rünashe vətəndaşlardan siyasi “sirk”ə görə üzr istəyib.
DenMedia.az xəbər verir ki, o bunu Ici Nord radiostansiyasına müsahibəsində bildirib.
“Əvvəlcə bizi dinləyən hər kəsdən üzr istəmək istəyirəm, çünki mən də bir çoxları kimi şahid olduğumuz bu siyasi sirkdən kədərlənirəm. Mən qəzəb, məyusluq və yorğunluq hiss edirəm,” – deyə siyasətçi qeyd edib.
6 oktyabrda Yelisey sarayı məlumat verib ki, Fransanın baş naziri Sebasten Lekornu istefa ərizəsi təqdim edib və prezident Emmanuel Makron bu istefanı qəbul edib.
Beləliklə, Sebasten Lekornunun Fransa hökumətinin başında qalma müddəti ölkə tarixində ən qısa olub – o, nazirlər kabinetinə bir aydan da az rəhbərlik edib.
Lekornu 9 sentyabrda baş nazir təyin olunmuşdu. Bu qərar, Fransa Milli Assambleyasının əvvəlki baş nazir Fransua Bayrunun hökumətinə etimadsızlıq göstərməsi nəticəsində qəbul edilmişdi. Etimadsızlığa səbəb isə sosial xərclərin azaldılmasını nəzərdə tutan qənaət tədbirləri paketi olmuşdu.