Hindistanda baş verən təyyarə qəzasında bütün sərnişin və ekipaj üzvləri həyatını itirsə də, bir nəfər möcüzə nəticəsində sağ qalıb.
DenMedia.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
39 yaşlı Böyük Britaniya sakini Vişvaskumar Rameş iyun ayında Ahmedabad şəhərində qəzaya uğrayan Air India təyyarəsində yeganə sağ qalan şəxs olub. O bildirib ki, yaşadıqlarından sonra özünü “dünyanın ən bəxti gətirən adamı” hesab edir, amma hadisənin psixoloji izlərini hələ də daşıyır. Müsahibə zamanı Rameş göz yaşlarını saxlaya bilməyib — o, həmin reysdə yanındakı oturacaqda oturan kiçik qardaşı Ajayı xatırlayıb.
Qəza nəticəsində onun ayağı, çiyni, dizi və beli xəsarət alıb. O, hələ də ağrılarla yaşayır və normal gəzə, işləyə bilmir. Həkimlər Rameşdə posttravmatik stress pozuntusu diaqnozu qoyublar.
“Heç kimlə danışmıram. Ümumiyyətlə, insanlarla danışmaq istəmirəm. Gecələr yatmıram, fikirlər məni sıxır,” — deyə Rameş bildirib.
Hadisə ailəsini də dağıdıb: anası dörd aydır ağır depressiyadadır, bütün günü qapının ağzında oturur. Rameş arvadı və oğlu ilə də ünsiyyətdən qaçır, qardaşı ilə birgə idarə etdiyi ailə biznesi isə tamamilə dağılıb.
Ailəyə müvəqqəti olaraq 21,5 min funt sterlinq kompensasiya ödənilsə də, bu məbləğ təcili xərcləri ödəməyə kifayət etmir.
Təyyarə 12 iyun tarixində London istiqamətində havaya qalxdıqdan bir neçə saniyə sonra mühərriklərə yanacaq axını kəsildiyi üçün yaşayış massivinə çırpılıb.

