Niderlandda quş qripinin yayılması ilə əlaqədar ölkə üzrə bütün quşçuluq təsərrüfatlarında məhdudiyyətlər tətbiq edilib.
Hökumətin açıqlamasına görə, 26–28 oktyabr tarixlərində Qroningen və Şimali Hollandiya əyalətlərində yerləşən təsərrüfatlarda üç yoluxma hadisəsi aşkarlanıb.
Xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün quşların qapalı şəraitdə saxlanılması məcburi elan olunub.
Kənd təsərrüfatı məsələləri üzrə dövlət katibi Silvio Erkens infeksiyanın yayılma riskinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, ev quşlarının yoluxmuş ola biləcək vəhşi quşlarla təması mümkün qədər məhdudlaşdırılmalıdır.
Yeni qaydalar satış üçün yetişdirilən quşlarla yanaşı, xəstəliyə həssas ev quşlarına, o cümlədən toyuqlara da şamil edilir.
Ölkədə risk qrupuna daxil olan quşların sərgiləri qadağan olunub. Quşçuluq müəssisələrinə giriş qaydaları da sərtləşdirilib. Ziyarətçilər qeydiyyatdan keçməli və gigiyena tələblərinə əməl etməlidirlər.
Hökumət yumurtlayan toyuqların məcburi peyvəndlənməsi ilə bağlı plan üzərində də işləyir. Eyni zamanda, peyvəndləmə ilə əlaqədar ticarət məhdudiyyətlərinin aradan qaldırılması nəzərdən keçirilir.
Rəsmilər qərar qəbul edilərkən digər Avropa İttifaqı ölkələrindəki yoluxmaların və mövsümi quş miqrasiyasının da nəzərə alındığını bildiriblər.

