Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən 8 nəfər barəsində hökm çıxarıldı.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirildi.
Hökmə əsasən, Vüqar Nəcəfli və Camal Gözəlov 9 il 6 ay, Tofiq Yusifli və Dadaş Həşimov 8 il 6 ay, Məhəmməd Hüseynli və Tural Ağayev 13 il, Müşfiq Həşimov 10 il, Mir Cavad Hüseynli isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər.
İstintaqla müəyyən olundu ki, Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədindəki dağlıq ərazilərdə gizləndilər.
Onların beynəlxalq terror təşkilatının tərkibində xaricdə döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etdikləri müəyyən edildi.
DTX-nin xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəxslər xaricdə saxlanılaraq Azərbaycana gətirildilər.

Araşdırma zamanı Tofiq Yusifli və Dadaş Həşimovun terror fəaliyyətinin Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi də müəyyən olundu.
İş üzrə təqsirləndirilən şəxslər terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlikdə iştirak və ölkə xaricində qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə qoşulma ilə bağlı ittihamlar üzrə məsuliyyətə cəlb olundular.

